QLOBALLAŞMA DÖVRÜNDƏ İMMUNİTETİN ANADANGƏLMƏ SƏHVLƏRİ: ELMI KONSEPSIYALARIN İNKİŞAFI VƏ KLİNİK ƏHƏMİYYƏTİ
Qloballaşma, miqrasiya, urbanizasiya və ətraf mühitdə baş verən dəyişikliklər insan sağlamlığına, xüsusilə immun sisteminin funksional vəziyyətinə əhəmiyyətli təsir göstərir. Bu amillərin təsiri nəticəsində anadangəlmə immun çatışmazlıqları haqqında elmi təsəvvürlər əhəmiyyətli dərəcədə dəyişmiş və hazırda bu xəstəliklər daha geniş anlayış olan immunitetin anadangəlmə səhvləri (Inborn Errors of Immunity – IEI) termini ilə ifadə olunur. Əvvəllər nadir və çox zaman gec diaqnostika olunan xəstəliklər kimi qiymətləndirilən bu patologiyalar hazırda qlobal səhiyyənin mühüm problemlərindən biri hesab edilir. Molekulyar-genetik texnologiyaların sürətli inkişafı immunitetin anadangəlmə səhvlərinin erkən və dəqiq diaqnostikasına imkan yaratmışdır. Beynəlxalq əməkdaşlığın genişlənməsi, qlobal xəstə registrlərinin yaradılması və klinik protokolların standartlaşdırılması bütün dünyada bu xəstəliklərin aşkar edilmə səviyyəsinin yüksəlməsinə şərait yaratmışdır. Eyni zamanda, ətraf mühit amillərinin mikrobiota və mikrobiomun tərkib və funksiyasına təsiri immun sisteminin fəaliyyətinin formalaşmasında mühüm rol oynayır. TREC/KREC analizlərindən istifadə etməklə neonatal skrininq bir sıra ölkələrdə ağır immun çatışmazlığı formalarının, xüsusilə ağır kombinə olunmuş immun çatışmazlığının (SCID) erkən aşkarlanması məqsədilə getdikcə daha geniş tətbiq olunur və standart diaqnostik yanaşmaya çevrilməkdədir. İmmunitetin anadangəlmə səhvləri konsepsiyasının formalaşması immun pozğunluqlarına yanaşmada yeni paradiqmanı əks etdirir. Bu konsepsiyaya əsasən, immun sisteminin xəstəlikləri sadəcə ayrı-ayrı immun hüceyrələrinin və ya molekullarının funksional pozğunluğu kimi deyil, genetik və ətraf mühit amilləri ilə qarşılıqlı əlaqədə olan mürəkkəb və dinamik proseslər kimi qiymətləndirilir. Müasir yanaşmada immun sistemi yalnız hüceyrə və molekulların məcmusu deyil, genetik xüsusiyyətlər və ətraf mühit amilləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən inteqrasiya olunmuş bioloji ekosistem kimi nəzərdən keçirilir.
Authors
- G.M Nasrullayeva
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2026-10-13
- DOI
- https://doi.org/10.28942/atuj.v6i3y2026.160
- Primary Topic
- Immunodeficiency and Autoimmune Disorders
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00