ATOPIK DERMATITLI UŞAQLARIN KOMPLEKS MÜALICƏSINDƏ SERAMID ƏSASLI YENI NƏSİL EMOLIENTLƏRIN KLINIK EFFEKTIVLIYININ QIYMƏTLƏNDIRILMƏSI
İşin məqsədi.Atopik dermatitli uşaqlarda Uriage Xémose C8+ seramid əsaslı yeni nəsil emolientin tətbiqinin klinik effektivliyini və təhlükəsizlik profilini qiymətləndirmək. Material və metodlar. Tədqiqata atopik dermatit diaqnozu qoyulmuş 12 məktəbəqədər və kiçik məktəb yaşlı uşaq daxil edilmişdir. İltihabi prosesin standart bazis terapiya ilə nəzarət altına alınmasından sonra pasiyentlərə dəri baryerinin bərpası məqsədilə Uriage Xémose C8+ seramid əsaslı emolient təyin edilmişdir. Müalicənin effektivliyi kserozun dərəcəsi, qaşınmanın intensivliyi, eritem, likenifikasiya və dərinin ümumi vəziyyətindəki dəyişikliklər əsasında klinik müşahidə yolu ilə qiymətləndirilmişdir. Nəticələr. Müalicə kursunun sonunda pasiyentlərin əksəriyyətində klinik göstəricilərin müsbət dinamikası müşahidə olunmuşdur. Kserozun ifadəliliyi azalmış, 66,7% pasiyentdə dərinin nəmlənməsi yaxşılaşmışdır. Qaşınmanın intensivliyində 75,0% pasiyentdə nəzərəçarpacaq azalma, 66,7% pasiyentdə isə gecə qaşınmaları və yuxu pozğunluqlarının geriləməsi qeydə alınmışdır. Eritem əlamətləri olan uşaqların 58,3%-ində və likenifikasiya müşahidə edilənlərin 66,7%-ində klinik yaxşılaşma qeyd edilmişdir. Pasiyentlərin 66,7%-ində “qaşınma–cızma” patoloji dövriyyəsinin zəifləməsi müşahidə olunmuşdur. Emolientin istifadəsi zamanı ciddi əlavə təsirlər qeydə alınmamışdır. Yekun. Uriage Xémose C8+ seramid əsaslı yeni nəsil emolient atopik dermatitli uşaqlarda dəri baryerinin bərpasına, kserozun, qaşınmanın və likenifikasiya əlamətlərinin azalmasına kömək edir. Seramid əsaslı yeni nəsil emolientin istifadəsinə yaxşı dözümlülük və müşahidə olunan müsbət klinik nəticələr onun atopik dermatitin kompleks müalicəsində və remissiyanın saxlanılmasında effektiv dəstəkləyici vasitə kimi istifadəsini əsaslandırır.
Authors
- S.T. Qənbərova
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2026-07-22
- DOI
- https://doi.org/10.28942/appj.vii1y2026.274
- Primary Topic
- Dermatology and Skin Diseases
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00