YARA İNFEKSİYALARI TÖRƏDƏN BAKTERİYALARIN ANTİMİKROB PREPARATLARA DAVAMLILIĞININ ÖYRƏNİLMƏSİ
Məqsəd: Yara infeksiyalarından izolə olunmuş mikroorqanizmlərin yayılma tezliyini və onların antimikrob preparatlara həssaslıq profilini qiymətləndirmək. Material və metodlar: Tədqiqata 2025-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından daxil olmuş 221 yara nümunəsi daxil edilmişdir. Mikroorqanizmlərin identifikasiyası klassik bakterioloji üsullar və VITEK 2 Compact sistemi ilə aparılmışdır. Antibiotiklərə həssaslıq EUCAST standartlarına uyğun Kirby–Bauer disk-diffuziya üsulu və avtomatlaşdırılmış sistemlə qiymətləndirilmişdir. Nəticələr: 221 nümunədən 200-də (90,5%) mikroorqanizm inkişafı müşahidə edilmişdir. Ən çox rast gəlinən patogenlər Staphylococcus aureus (25,1%), Pseudomonas aeruginosa (14,7%), Staphylococcus epidermidis (13,1%) və Candida spp. (10,7%) olmuşdur. S. aureus ştammlarında penisilinlərə və makrolidlərə yüksək rezistentlik, vankomisin və linezolidə isə yüksək həssaslıq müəyyən edilmişdir. P. aeruginosa ştammlarında piperasilin, piperasilin-tazobaktam və karbapenemlərə qarşı davamlılıq qeydə alınmışdır. Yara infeksiyalarında S. aureus və P. aeruginosa əsas etioloji agentlər olmuşdur. Müəyyən edilmiş rezistentlik göstəriciləri antibiotiklərin rasional istifadəsinin və davamlı mikrobioloji monitorinqin vacibliyini təsdiqləyir. Yekun: Beləliklə, tədqiqatımızda Bakı şəhərində yara infeksiyası diaqnozu ilə xəstələrdə ən çox yayılmış Qram-müsbət bakteriyalardan Staphylococcus aureus və Qram-mənfi bakteriyalardan isə Pseudomonas aeruginosa olmuşdur. İzolə edilmiş Staphylococcus aureus ştammları klindamisin (44.62%), siprofloksasin (46.15%) və eritromisinə (40%) qarşı daha yüksək davamlılıq hallarının aşkarlanması diqqət çəkmişdir. Pseudomonas aeruginosa ştammlarında isə imipenem (33.33%) və meropenem (30.77%) davamlılıq müşahidə olunmuşdur. Bu göstərici karbapenemlərə qarşı davamlılığın artdığını göstərir.
Authors
- Gülər M. Seyidova
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2026-07-22
- DOI
- https://doi.org/10.28942/appj.vii1y2026.281
- Primary Topic
- Infections and bacterial resistance
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00