YENİYETMƏLƏRDƏ PARODONTUN XƏSTƏLİKLƏRİ ZAMANI AĞIZ BOŞLUĞUNUN STOMATOLOJİ STATUSUNUN KLİNİK GÖSTƏRİCİLƏRİ
Müasir dövrdə insanlar ağız boşluğunun gigiyenik vəziyyətinə daha çox diqqət yetirməyə çalışırlar. Ağız boşluğunun həzm sisteminin başlanğıcı, insanın nitqində böyük rolu olan, bütün daxili orqanların qapısı olduğunu nəzərə alsaq, onun nə qədər praktik əhəmiyyət kəsb etdiyini başa düşmək asan olar. Belə bir halda ağız boşluğunun gigiyenik vəziyyətinin hansı dəyişikliklər yarada biləcəyini nəzərə almaq vacibdir. Stomatoloji müayinədən əvvəl ağız boşluğunun gigiyenik vəziyyətini yoxladıqda, müayinə və müalicə bitdikdən sonra yenidən yoxlayanda, hansı dərəcədə dəyişikliklər getdiyini görmək asandır. Parodontun iltihabi xəstəlikləri zamanı ağız boşluğunda iltihabın əlamətləri olduğu üçün gigiyenik vəziyyət çox vaxt qeyri-qənaətbəxş olur. Parodontun xəstəlikləri müasir stomatologiyanın problemlərindən biridir. Bu onunla bağlıdır ki, parodontun xəstəlikləri dünyada çox geniş yayılmışdır, xəstəliyin etiologiyası və müalicə-profilaktik aspektlərinin öyrənilməsində müəyyən çatışmazlıqların olduğu diqqəti cəlb edir. Nəzərə almaq lazımdır ki, parodont xəstəlikləri dişlərin vaxtından tez itirilməsinə, diş-çənə deformasiyalarının inkişafına, diş-çənə sisteminin funksional pozğunluqlarına, daxili orqan xəstəliklərinin yaranmasına və bu dəyişikliklərin nəticəsində orqanizmin sensibilizasiyasına gətirib çıxara bilər. Bundan başqa, ağız boşluğu insan üçün qidanın çeynənməsindən əlavə, böyük estetik funksiya daşıyır. Belə ki, parodont xəstəliklərində estetik göstəricilərin dəyişilməsi xəstənin psixoloji durumunda müəyyən dəyişikliklərə səbəb olur.
Authors
- E.Ə. Rüstəmov
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2025-12-24
- DOI
- https://doi.org/10.28942/jtcem.v5i3y2025.11
- Primary Topic
- dental development and anomalies
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00