ÇEYNƏMƏ ƏZƏLƏSİNİN SAGİTTAL ÖLÇÜSÜ: ULTRASƏS TƏDQİQATI, ÇEYNƏMƏ VƏ MİMİKİ ƏZƏLƏLƏRLƏ KORRELYASİYASI
Çeynəmə əzələsinin əng sümüyü daxil olmaqla bütün üz kəlləsi kompleksinə təsirinin öyrənilməsi klinik əhəmiyyət daşıyır, belə ki, bu, üz skeletinin inkişafı və böyüməsi proseslərini anlamağa xidmət edir. Müxtəlif skelet tiplərində çeynəmə əzələsinin statistik əhəmiyyətli fərqlər nümayiş etdirən qalınlığı müəyyən olunmuşdur. Wu WT. və həmmüəllifləri qeyd etmişlər ki, üz əzələlərinin səthi yerləşməsi onların ultrasəs müayinə üsulu ilə vizualizasiyasını asanlaşdırır. Bu üsul hədəf əzələlərin prosedurönü lokalizasiyasını müəyyənləşdirməklə həyati əhəmiyyətli damar və sinir strukturlarının zədələnməsinin də qarşısını alır. Çeynəmə əzələsi ölçülərini sefalometrik analizin nəticələri ilə birgə nəzərdən keçirmək üçün bir çox tədqiqatlar aparılmışdır; belə bir qənaətə gəlmək olar ki, ultrasəs tədqiqatı etibarlı klinik vasitədir, lakin istifadə edilən metodların və qeyd olunan parametrlərin standartizasiyasına böyük ehtiyac vardır. Ultrasəsin tətbiqi ilə skelet əzələsinin deformasiyasının analizi çeynəmə əzələsinin funksional strukturunu tədqiq etmək üçün effektiv alət hesab edilməlidir, belə ki, bu zaman onun hər bir hissəsinin aktivliyini müəyyənləşdirmək mümkün olur. Son illər çeynəmə əzələsinin ultrasəs tədqiqatı geniş surətdə aparılır. Kose MN. və Cimen T. qeyd etmişlər ki, çeynəmə əzələsinin qalınlığı bir sıra tədqiqatların mövzusu olmuşdur, çünki bu parametr çeynəmə sisteminin funksiyası və üz-kəllə mexanizmləri ilə əlaqədardır. Bununla belə, çeynəmə əzələsinin konfiqurasiyasının yaşla əlaqədar dəyişikliklərinə aid olan işlər olduqca azdır, əzələnin sagittal (ön-arxa) ölçüsünün yaş və cinsi aspektdə tədqiqatı isə, ümumiyyətlə, aparılmamışdır.
Authors
- V.B Şadlinski
Institutions
- Azerbaijan Medical University (AZ)
Publication Details
- Published
- 2025-12-24
- DOI
- https://doi.org/10.28942/jtcem.v5i3y2025.12
- Primary Topic
- Reconstructive Facial Surgery Techniques
- Type
- article
- Field-Weighted Citation Impact
- 0.00